“Bunların çoxunu fəhlələrdən pulla almışam. Çox təsirlənmişdim. Onlar binaları necə gəldi uçururdular. Onlar nələri məhv etdiklərinin fərqində deyildilər”.
Bunu memar Elçin Əliyev deyir. Soyuğun, yağışın, küləyin altında ...və vur-tut bir günlük təşkil etdiyi sərgidə. Hə, açıq havada təşkil olunmuşdu bu sərgi. Çünki onu keçirməyə, Elçin bəyin əlində olan onlarla memarlıq incisini nümayiş etdirməyə qapalı bir yer tapılmamışdı memar üçün.
Deyəcəksiniz nə sərgi? Hə, deyim, maraqlı bir adı var: “Bakının qorunan inciləri”. Bakıda “Fantaziya” festivalı çərçivəsində keçirilən bir günlük sərgidir. Bu sərgidə isə Bakının tarixi binalarından sökülən və Elçin Əliyev tərəfindən qorunan, saxlanılan, bir çoxlarını isə özü demiş, pulla aldığı fasadlar, müxtəlif heykəlciklər, naxışlı ornamentlər nümayiş olunur.
Ötən əsrin əvvəllərində Bakıda tikilmiş memarlıq abidələrinin qalıqları nümayiş etdirilir bu sərgidə. Ümumilikdə, 7 sökülmüş evdən qorunub saxlanılan 35 eksponatdır. Eləcə durub yağışın altında.
Elçin bəy deyir ki, bu eksponatları bağ evində saxlayır. Nə tarix muzeyi yaxın durur, nə başqa instansiyalar. Elə Mədəniyyət nazirliyi də biganədir bu tarixi irsə.
- Bax, bunları bağda saxlayıram. Oğlumla maşına yükləyib gətirmişəm. Səhər yenə maşına yükləyib aparacağam bağa. Mən bu nümunələri xilas etmək üçün min əziyyət çəkdim. Bunları almaq üçün neçə yüz dollarla vəsait xərclədim. Amma qəti təəssüflənmirəm. Çünki bu tarixdir, Bakının tarixidir.
Elçin bəy bir dəfə maraqlı bir məqama toxunmuşdu. Deyir, italyan memar Renta Pianonun belə bir sözü var: “Yazıçılar əsərlərini yazı ilə, memarlar isə tarixi binalarla yazırlar”. Hər bir bina yerləşdiyi yerin tarixini göstərməlidir. Təəssüf ki, nə əcnəbi, nə də yerli memarlarımız bu şərtlərə əməl edirlər. Nümunə kimi Qış Bulvarını göstərə bilərik. Şəmsi Bədəlbəyli, 21 ünvanında gözəl binalar var idi. Onların hamısını sökdülər. Bu, memarların məsuliyyətsizliyindən irəli gəlir. Layihə hazırlayırsansa, mütləq həmin əraziyə baş çəkməlisən. Mən yüz faiz bilirəm ki, Qış Bulvarının memarı orada tarixi binaların olduğunu görsəydi, söküntüyə icazə verməzdi.
Yeri gəlmişkən, xilas edilən nümunələrin bir çoxu elə həmin ərazidəki binalardandır.
Bəs bu eksponatların sonrakı taleyi necə olacaq? Elçin bəy deyir Ki, ən çox qorxduğu da elə budur. Bəs sonra?
Bəs sonra nə vaxta qədər Bakının tarixi bağda qalacaq? Bunlara bir yiyə duran tapılacaqmı?
Gözləyək görək!
Bir qədər də memarımızı tanıdaq, sizlərə.
Elçin Əliyev 18 sentyabr 1967-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1987-1988-ci illərdə Slovakiya Ali Texniki Məktəbində (SVST, Bratislava) istehsalat təcrübəsi keçib.
Onun “Bakı şəhərinin mərkəzi hissəsinin sosial-fəza həlli” adlı diplom layihəsi 1989-cu ildə Moskva şəhərində keçirilən Beynəlxalq müsabiqədə Birinci dərəcəli mükafata layiq görülüb. 1988-ci ildən SSRİ-nin dağılmasına qədər Zaqafqaziya Gənc Memarlar Assosiasiyasının sədri olub. Azərbaycan Memarlar ittifaqının üzvüdür. 2002-ci ildə E.Əliyevin layihəsi əsasında Pravoslav Jen-Mironosits kilsəsi bərpa olunub. O, buna görə, Rusiya Pravoslav Kilsəsinin mükafatına layiq görülüb. Bu hadisədən sonra Ümumrusiya Patriarxı II Aleksiy Moskva şəhərində yerləşən iqamətgahında Elçin Əliyevi şəxsən qəbul edərək Birinci dərəcəli Müqəddəs Sergiy Radonejskiy ordeninə layiq görüb.